Regional təhlükəsizlik və davamlı sülh Azərbaycan–Böyük Britaniya əməkdaşlığının strateji əhəmiyyətini daha da artırır
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələləri dövlətlərarası əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilmişdir. Regional münaqişələr, yeni təhlükələr və beynəlxalq təhlükəsizlik mühitində baş verən dəyişikliklər ölkələrin müdafiə potensialının gücləndirilməsini zəruri edir. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu baxımdan mühüm siyasi və təhlükəsizlik çərçivəsi formalaşdırır. Sənəddə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi tərəflərin uzunmüddətli öhdəliklərindən biri kimi təsbit olunur. Bu yanaşma Azərbaycanın milli təhlükəsizlik maraqlarının qorunması və regional sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Bəyannamədə ümumi təhdidlərin qarşısının alınması və onlara adekvat cavab verilməsi imkanlarının artırılması xüsusi yer tutur. Bu istiqamətdə təlimlərin keçirilməsi, institusional potensialın gücləndirilməsi və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi nəzərdə tutulan əməkdaşlığın mühüm elementləridir. Müdafiə sənayesi sahəsində birgə təşəbbüslərin imkanlarının araşdırılması da tərəfdaşlığın praktiki əhəmiyyətini artırır. Təhlükəsizlik sahəsində təcrübə mübadiləsi və peşəkar əməkdaşlıq müasir çağırışlara daha çevik reaksiya verilməsinə kömək edə bilər. Hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın gücləndirilməsi isə qanunun aliliyinin və institusional dayanıqlılığın möhkəmləndirilməsinə xidmət edir. Sənəddə sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlıq məsələlərinə də xüsusi diqqət ayrılır. Bu istiqamətlər dövlət təhlükəsizliyinin təmin olunması ilə yanaşı, hüquqi institutların səmərəliliyinin artırılması baxımından da əhəmiyyətlidir.
Çoxtərəfli platformalarda birgə fəaliyyət niyyətinin təsdiqlənməsi beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək imkanlarını genişləndirir. Bəyannamənin digər mühüm istiqaməti Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə verilən dəstəklə bağlıdır. 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması bu baxımdan diqqətəlayiqdir. Azərbaycanın regional sülhün təmin olunmasına yönəlmiş səylərinin beynəlxalq səviyyədə dəstəklənməsi sabit inkişaf üçün mühüm siyasi zəmin yaradır. Böyük Britaniyanın ikitərəfli dialoq yolu ilə davamlı sülhə dəstəyini təsdiqləməsi diplomatik əməkdaşlığın əhəmiyyətini artırır. Regional təhlükəsizliyin möhkəmləndirilməsi Azərbaycanın iqtisadi və sosial inkişafı, beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi və uzunmüddətli sabitliyin təmin edilməsi üçün vacib şərtdir. Nəticə etibarilə, Azərbaycan–Böyük Britaniya təhlükəsizlik tərəfdaşlığı milli maraqların qorunması və regionda sülhün möhkəmləndirilməsi baxımından mühüm strateji istiqamət kimi çıxış edir.
Yeganə Rüstəmova
Neftçala rayonu


