Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edərkən çıxışında vurğulayıb ki, beynəlxalq arenalarda Azərbaycan bayrağının yüksəlməsi hər bir vətəndaş üçün böyük qürur və sevinc mənbəyidir. Onun sözlərinə görə, idmançılarımızın qazandığı qələbələr təkcə şəxsi nailiyyət deyil, ümumxalq sevincinə çevrilən hadisədir. Hər dəfə üçrəngli bayrağımızın zirvəyə qaldırılması və himnimizin səsləndirilməsi Azərbaycan xalqının birlik və həmrəylik ruhunu daha da gücləndirir, milli qürur hissini artırır.
Dövlət başçısı qeyd edib ki, idmanın bu cür uğurları xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm təsir göstərir. Gənclər idmançılarımızın uğurlarını görərək onlardan nümunə götürür, öz həyatlarında daha məqsədyönlü və intizamlı olmağa çalışırlar. Bu isə sağlam cəmiyyətin formalaşmasında əhəmiyyətli rol oynayır. Prezident bildirib ki, idman artıq Azərbaycanda sadəcə fiziki fəaliyyət deyil, cəmiyyət həyatının ayrılmaz və strateji əhəmiyyət daşıyan bir sahəsinə çevrilib. Son illərdə bu istiqamətdə əldə olunan nailiyyətlər, yaradılan infrastruktur və beynəlxalq səviyyədə qazanılan uğurlar dövlət siyasətinin düzgün qurulduğunu bir daha təsdiqləyir.
Güləş Federasiyanın fəaliyyəti ilə bağlı fikirlərinə toxunan Prezident qeyd edib ki, bu qurumlarda vaxtilə böyük uğurlar qazanmış tanınmış idmançıların və Olimpiya Oyunları çempionlarının təmsil olunması xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, məhz bu təcrübəli idmançıların rəhbərlik və məşqçi heyətində yer alması gənc nəslin yetişdirilməsində mühüm rol oynayır. Prezident xatırladıb ki, bu gün məşqçi kimi fəaliyyət göstərən bir çox şəxslərin yarışlarını o, vaxtilə həm Bakıda keçirilən yarışlarda, həm də Olimpiya Oyunlarında böyük maraq və diqqətlə izləyib, onlara azarkeşlik edib. İndi isə həmin idmançıların yetişdirdiyi yeni nəsil güləşçilərin uğurları ölkəmizi sevindirir və bu, idmanda varisliyin uğurla davam etdiyini göstərir.
Dövlət başçısı vurğulayıb ki, nəsillər dəyişsə də, Azərbaycan güləş məktəbinin ənənələri qorunur və daha da inkişaf etdirilir. Bu sahədə əldə olunan uğurlar təsadüfi deyil, uzun illər ərzində aparılan sistemli işin nəticəsidir. Güləş Azərbaycanda yalnız bir idman növü deyil, həm də milli dəyər kimi yaşadılır və gələcək nəsillərə ötürülür. Prezident qeyd edib ki, bu ənənələrin qorunması və inkişaf etdirilməsi sayəsində Azərbaycan idmanı hər zaman beynəlxalq arenada yüksək nəticələr göstərir və yeni zirvələr fəth edir.
Bununla yanaşı, Prezident federasiyanın qarşısında duran əsas vəzifələrdən birinin bölgələrdə istedadlı gənclərin aşkar edilməsi və onların inkişafına şərait yaradılması olduğunu diqqətə çatdırıb. O bildirib ki, ölkənin demək olar ki, bütün bölgələrində müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir, eyni zamanda güləş zalları yaradılıb və bu da idmanın kütləviliyinin təmin olunmasına geniş imkanlar açır. Bu infrastrukturdan səmərəli istifadə edilməli, seleksiya işi daha da gücləndirilməli və perspektivli gənclər vaxtında aşkar olunaraq peşəkar məşqlərə cəlb edilməlidir.
Prezident İlham Əliyev əminliyini ifadə edib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan güləşi bundan sonra da uğurlarını davam etdirəcək, beynəlxalq yarışlarda ölkəmizin adını daim zirvələrdə saxlayacaq. O qeyd edib ki, bugünkü nailiyyətlər gələcək qələbələrin bünövrəsidir və görülən işlər sayəsində Azərbaycan idmanı uzun illər ərzində öz lider mövqeyini qoruyub saxlayacaq.
Elşən Ağalarov
Neftçala rayonu


