Qlobal siyasətdə, iqtisadiyyatda və texnologiyada baş verən sürətli dəyişikliklər yeni dünya düzəninin formalaşmasını şərtləndirən amillərdəndir. Bu gün ölkəmizin geostrateji mövqeyi, enerji resursları, beynəlxalq təşkilatlarla əməkdaşlıq və tarazlaşdırılmış xarici siyasəti onu bu prosesin fəal iştirakçısına çevirir. Enerji resurslarının idarə edilməsi və nəqli hazırda dünya siyasətində əsas amillərdən biridir. Bu proseslərə töhfə verən ən qabaqcıl ölkələrdən biri də Azərbaycandır.
Faktdır ki, bu gün Azərbaycan Asiya və Avropa arasında körpü rolunu oynayır. Ölkəmiz, həm də Cənubi Qafqazda sabitliyin təmin olunmasında lider ölkədir. Qeyd etdiyimiz bu proseslər elə də rahat başa gəlmir. Bu gün bölgədə davam edən geosiyasi gərginliklər, Ermənistanın destruktiv siyasəti, qlobal enerji keçidi ilə bağlı təzyiqlər bu proseslərin nisbətən ləngiməsinə səbəb olur.
Fikrimcə yeni dünya düzənində Azərbaycanın liderliyi regionda və qlobal səviyyədə sabitlik, inkişaf və əməkdaşlıq üçün mühüm töhfə olacaqdır. Bu günlərdə yerli televiziya kanallarına müsahibə verən Dövlət başçısı cənab İlham Əliyev bir çox məqamlar kimi bu mövzuya da xüsusi diqqət çəkdi. Bildirməliyik ki, Ermənistanın hərbi potensialını artırmaq istiqamətində apardığı siyasət Cənubi Qafqazda sülh və sabitliyə birbaşa təsir edən amillərdən biridir. Ermənistanın silahlandırılması bölgədə mövcud hərbi balansın pozulmasına səbəb ola bilər. 44 günlük Vətən Müharibəsi, tərəflərin hərbi qüvvələrinin güc nisbətini əhəmiyyətli dərəcədə dəyişdirdi. Məlumdur ki, Cənubi Qafqaz strateji əhəmiyyətli bölgədir və burada baş verən hərbi gərginliklər təkcə lokal deyil, eyni zamanda qlobal təsirlərə malik ola bilər. Ermənistanın silahlanmaya üstünlük verməsi, sülh danışıqlarına sadiqlik nümayiş etdirmədiyini nümayiş etdirir.
Rəsmi İrəvan bunu təkzib etməyə çalışsa da həyata keçirilən siyasət onu nümayiş etdirmir. Lakin Ermənistan yanılır ki, silahlanma siyasəti yalnız və yalnız onun ziyanına olacaqdır. Bu siyasət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına və sülh proseslərinin irəliləməsinə mane ola bilər.
Baş verənlər eyni zamanda sərhəd insidentlərinin artması və tərəflər arasında etimadsızlığın dərinləşməsi ilə nəticələnə bilər. Nəticə etibarilə Ermənistanın silahlanması region üçün çox ciddi təhdidlər yaradır və Cənubi Qafqazda mövcud olan həssas sabitliyi daha da pozur. Sülh və sabitliyin qorunması üçün beynəlxalq təşkilatlar və vasitəçilər Ermənistanı hərbi eskalasiyadan çəkinməyə və sülh proseslərinə daha çox fokuslanmağa təşviq etməlidir.
Vüqar Aslanov;
Neftçala rayonu, müəllim


