Ölkə başçısı cənab İlham Əliyev tərəfindən YAP-ın VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi prioritetlərini əks etdirir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm ictimai-siyasi hadisə kimi diqqəti cəlb edir. Bu qurultayın əsas xüsusiyyəti onun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi yeni tarixi mərhələdə keçirilməsi ilə bağlıdır. Ölkənin qarşısında dayanan vəzifələr artıq əvvəlki dövrdən fərqli siyasi və strateji reallıqlar əsasında müəyyənləşir. Azərbaycan uzun illər ərzində qarşılaşdığı işğal problemi ilə bağlı məsələləri öz siyasi iradəsi və hərbi gücü hesabına həll edib. 2020-ci ildə əldə edilmiş tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri ölkənin ərazi bütövlüyünün tam bərpasını təmin edib. Bu proses Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Qurultayda səsləndirilən fikirlər göstərir ki, əldə olunmuş nəticələr yalnız hərbi uğur deyil, həm də uzunmüddətli siyasi fəaliyyətin nəticəsidir. Dövlətin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması və güclü ordu quruculuğu bu siyasətin əsas istiqamətlərindən olub. Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti də bu prosesin mühüm komponentlərindən biri kimi təqdim olunur.
Partiyanın yaradılması Azərbaycanın ağır ictimai-siyasi və iqtisadi böhran yaşadığı dövrə təsadüf edib. Həmin mərhələdə dövlət müstəqilliyinin qorunması ciddi çağırışlarla üzləşmişdi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətçilik üçün mühüm dönüş nöqtəsi oldu. Onun siyasi xətti dövlətin möhkəmləndirilməsi və milli maraqların qorunması məqsədinə istiqamətləndirilmişdi. Bu siyasi xətt sonrakı dövrdə də davam etdirilərək yeni məzmunla zənginləşdirilib. Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi dövlətin siyasi müstəqilliyinin möhkəmlənməsinə xidmət edib. İqtisadi müstəqillik ölkənin xarici təzyiqlərə qarşı daha davamlı mövqe tutmasına imkan yaradıb. Eyni zamanda, müdafiə qabiliyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Qurultayda vurğulanan mühüm məsələlərdən biri də milli həmrəyliyin dövlət siyasətinin həyata keçirilməsindəki roludur. 44 günlük Vətən müharibəsi zamanı xalqın və dövlətin vahid mövqedən çıxış etməsi bunun bariz nümunəsidir. Azərbaycanın əldə etdiyi Qələbə ölkənin regional və beynəlxalq mövqeyinə də ciddi təsir göstərib. Ərazi bütövlüyünün bərpası ölkənin siyasi nüfuzunu artıran əsas amillərdən birinə çevrilib.
Müasir mərhələdə qarşıda duran vəzifələr artıq yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, insanların öz doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətidir. Buna görə də YAP-ın VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi prioritetlərini əks etdirir. Dövlətçilik ənənələrinin qorunması ilə yanaşı, gələcəyə hesablanmış strateji düşüncə xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın əldə etdiyi nəticələrin davamlı olması üçün siyasi sabitlik, milli birlik və iqtisadi güc bir-birini tamamlamalıdır. Bu baxımdan qurultay müasir Azərbaycan dövlətçiliyinin inkişafında siyasi kursun davamlılığını nümayiş etdirən mühüm platforma kimi çıxış edir. Azərbaycanın qarşıdakı mərhələdə də milli maraqlara əsaslanan siyasət həyata keçirməsi dövlətin dayanıqlığının əsas təminatlarından biri olacaqdır.
Valeh Tağıyev
Neftçala rayonu


