Bəli, Azərbaycan dünya tarixində nadir dövlətlərdən biridir ki, həm ədalətli müharibədə tam və qəti qələbə qazanıb, həm hər qarış torpağını azad edərək ərazi bütövlüyünü özü təmin edib, həm də müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslərin ədalət qarşısında cavab verməsinə nail olub. Bu tarixi Qələbənin əsasında Azərbaycan xalqının sarsılmaz birliyi, dövlətin siyasi iradəsi və ordunun qəhrəmanlığı dayanır.
Dövlət başçısı Xocalı faciəsinin 34-cü il dönümündə Xocalı şəhərində faciə qurbanlarının əziz xatirəsinə həsr edilmiş möhtəşəm Soyqırımı Memorial Kompleksinin açılışında nitq söyləyərək, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına bir daha nail oldu. Ölkə başçısı çıxışında uzun illər işğal şəraitində yaşayan ölkəmizə qarşı müxtəlif təzyiqlər göstərildiyini, beynəlxalq dairələrdən və müəyyən siyasi mərkəzlərdən Azərbaycanın mövcud vəziyyətlə barışmalı olduğu barədə siqnallar verildiyini bildirdi. Cənab Prezident bu çağırışlarda Azərbaycanın öz torpaqlarını azad edə bilməyəcəyini, bəzi böyük dövlətlər və Ermənistanın havadarlarının buna imkan verməyəcəyini, Azərbaycan Ordusunun döyüş meydanında üstünlük qazana bilməyəcəyinin iddia olunduğunu diqqətə çatdırdı. Məqsəd Azərbaycan cəmiyyətində ümidsizlik yaratmaq, dövlətin siyasi iradəsini zəiflətmək və işğal faktını uzunmüddətli reallığa çevirmək idi. Lakin Azərbaycan rəhbərliyi bu təzyiqlərin heç birini qəbul etməmiş, ölkənin milli maraqlarını əsas tutaraq prinsipial mövqe nümayiş etdirmişdir. Lakin Ölkə başçısı işğal dövründə həm beynəlxalq tribunalardan, həm də məcburi köçkünlərlə keçirilən çoxsaylı görüşlər zamanı daim bəyan edirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq, məsələ sülh danışıqları yolu ilə həll olunmazsa, ölkə öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa edəcək. Bu mövqe uzun illər dəyişməz qalmış və nəticədə reallığa çevrilmişdir.
Əldə olunmuş qələbə yalnız hərbi uğur deyil, həm də milli ləyaqətin, siyasi qətiyyətin və strateji düşüncənin təntənəsidir. Azərbaycan sübut etmişdir ki, beynəlxalq hüquqa əsaslanan mövqe, güclü dövlət idarəçiliyi və xalq-ordu birliyi olduqda, ən mürəkkəb problemlərin belə həlli mümkündür.
Bu Qələbə nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş, regionda yeni reallıqlar yaratmış və uzun illər davam edən ədalətsizliyə son qoymuşdur. Cənab Prezident nitqində qeyd etmişdir ki, bu tarix yalnız hərbi zəfər deyil, həm də milli iradənin və tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir.
Zeynalabdin Abbasov;
Neftçala rayonu


